Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib.
“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsinin açılışını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur. Vüsal Qasımlı əlavə edib ki, beynəlxalq hesabatlara görə, “dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1.9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0.1 milyard dollar, biznes gəlirləri 1.4 milyard dollar, hökumətin gəlirləri 0.4 milyard dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq 3.5 % arta bilər. İİTKM-nin icraçı direktoru bildirib ki, 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında peşəkar komanda iştirak edib. Layihə ölkədə strateji yol xəritələrinin həyata keçirilməsində və strateji idarəetmənin tətbiqində mühüm rol oynaya bilər.
Daha sonra Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman Mərkəzi Bankın və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb və bu məsələnin bu gün də aktual olduğunu bildirib.