Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 10-a yaxını sənaye, 20-dən çoxu xidmət, 10-a yaxını təmir-tikinti, qalanları isə digər sahələrə aiddir. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 48-i paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Siyəzən, Zərdab rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir.
Qeyd edək ki, prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.