“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunla bağlı müzakirələr aparılıb

Dekabr ayının 28-də “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli nömrəli Qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

Vergilər naziri Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyən etmiş, sərəncamdan irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin sentyabr ayında Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin  beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəmizə yüksək reytinq verib.

F.Məmmədov sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər Qanun layihələrinin artıq qəbul olunduğunu və dövlət başçısı tərəfindən imzalandığını diqqətə çatdırıb.

Kollegiyada “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı Tədbirlər Planı” qəbul edilib.

Bundan başqa, Vergilər Nazirliyində keçirilən mətbuat konfransında bildirilib ki, bütövlükdə Vergi Məcəlləsində 201 dəyişiklik aparılıb, Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddəyə isə dəyişiklik edilib və 3 maddə ləğv olunub. Qeyd olunub ki, edilmiş dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır