167 əmlak hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 və 17 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraclara ümumilikdə 167 əmlak çıxarılıb. Bunlardan 40-ı səhmdar cəmiyyəti, 59-u kiçik dövlət müəssisəsi, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si isə nəqliyyat vasitəsidir.  Kiçik dövlət müəssisələri və nəqliyyat vasitələrinin və 20 səhmdar cəmiyyətinin satışı üzrə hərrac 10 yanvarda keçiriləcək. 17 yanvarda isə digər 20 səhmdar cəmiyyətinin satışı üzrə hərrac baş tutacaq.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Hərracda ən yüksək qiymət paytaxtın Nizami rayonunda yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təyin olunub. Belə ki, adıçəkilən əmlak 1 milyon 75 min manata iddiaçılara təklif olunacaq. Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası 796 min 563 manat, Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis müəssisəsi 717 min 600 manat, Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı isə 400 min manat start qiyməti ilə hərraca çıxarılıb. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Nəsimi rayonunda yerləşən qeyri-yaşayış binasıdır. Belə ki, bu əmlak 624 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. 10 yanvarda keçiriləcək hərraca çıxarılan iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Daşkəsən Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətlər var. 17 yanvar hərracında isə “Bərdə Mexaniki Təmir”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Quşçuluq”, “Salyan İnşaat Xidmət”, “Azərmetalinvest”, “Oğuz Kəndkimya” kimi müəssisələr özəlləşməyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır