177 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb. Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-i kiçik dövlət müəssisəsi, 82-i qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.

BBN.az xəbər verir ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 17-i xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye sahəsinə aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Əmlakların sahəsi 10 kv.m ilə 420 kv.m arasında dəyişir.

Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır