29 noyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” – “Bakutel 2016” Sərgi-Konfransı öz qapılarını ziyarətçilərin üzünə açacaq. Regionun ən böyük sahəvi tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.
Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.
Bu il dünyanın 9 ölkəsi – Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.