191 əmlak özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

BBN.az xəbər verir ki, Bakı ilə yanaşı Gəncə, Yevlax, İmişli, Mingəçevir, Quba, Şəmkir və digər rayonlarda yerləşir. Paytaxt üzrə 13 mağaza, 7 emalatxana, 1 yeməkxana və digər sahələrə aid obyektlər özəlləşdirilməyə çıxarılıb. Regionlar üzrə isə 9 emalatxana, 18 mağaza, 3 ictimai iaşə obyekti, 14 mədəniyyət evi və klublar, 5 restoran, 3 yardımçı təsərrüfat və digər əlverişli əmlaklar sahibini axtarır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 20 kv.m ilə 3 min kv.m arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 53-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahəsi Daşkəsəndə, Mingəçevirdə, Göyçayda və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 400 kv.m arasında dəyişir.

Qeyd edək ki, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır