Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetlərinə dair müzakirələr aparılıb.
Azərbaycanla “Dünya Bankı”nın əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bildirib.
“Son on ildə ümumdaxili məhsulun 3 dəfədən çox artdığı ölkəmizdə bu dövrdə qeyri-neft iqtisadiyyatında 2,6 dəfə artım əldə edilib. Bu uğurların davamı kimi, ötən il respublikanın qeyri-neft sənayesi 5 % artıb, cari ilin 8 ayında isə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 4,3 % artmasına nail olunub. Aparılan məqsədyönlü iqtisadi siyasət əmək bazarında da sabitliyin qorunub saxlanmasına, eyni zamanda əmək ehtiyatlarının məşğulluğuna yönəlik aktiv tədbirləri yüksələn xətlə davam etdirməyə zəmin yaradıb. Təkcə son 5 ildə, yəni 2011-2016-cı illərdə məşğul əhalinin sayında 8,8 % artım özünü göstərib. Muzdlu əmək fəaliyyəti göstərənlərin sayı isə həmin dövrdə təqribən 10 % artaraq cari ilin 1 avqust tarixinə 1524,9 min nəfərə çatıb. Şəffaf biznes mühitinin formalaşdırılması, sahibkarlığın dövlət tərəfindən ardıcıl şəkildə maddi-institusional dəstəklənməsi, 2004-cü ildən indiyədək sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlərin verilməsi və s. tədbirlər özəl bölmənin ümumdaxili məhsulda çəkisinin 80 %-i ötməsi ilə paralel olaraq, onun məşğulluqda payının 76 %-ə çatmasına imkan verib.”-deyə Səlim Müslümov bildirib.