Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 dekabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, kəpəz rayonunda yerləşən 129 kv.m. sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kv.m.-dən 100 kv.m.-dəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kv.m. sahəsi olan qeyri-yaşayış obyektidir.
Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, adıçəkilən əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.