Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 23 fevral tarixində Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib.
BBN.az xəbər verir ki, qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub.
Həmçinin torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub.
Qəbulun gedişatı zamanı komitə sədri Kərəm Həsənov vurğulayıb ki, 2017-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı 200 minə yaxın olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5% artıb. Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub.