Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına dair iclas keçirilib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda, bank sektoru, sığorta, maliyyə bazarları, ödəniş sistemləri, hüquq və maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və digər sahələr üzrə görülmüş işlər geniş müzakirə edilib.
İ. Alışov bildirib ki, aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib. Belə ki, milli valyutanın məzənnəsinin sabitləşməsi əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib.
İclasda bildirilib ki, ölkənin bank sektorunda 2016-cı ildən başlayan restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi bank sektorunun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bank sektorunun daha effektiv restrukturizasiya mexanizmlərinin yaradılması ilə bağlı, qlobal və lokal ekspertiza nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı fəsil əlavə edilib.
Maliyyə infrastrukturunun genişləndirilməsi istiqamətində 2017-ci ildə kredit bürolarının yaradılması və fəaliyyətinin tənzimlənməsi üçün normativ hüquqi çərçivə formalaşdırılıb və Azərbaycanda ilk özəl kredit bürosu təsis edilib.