2017-ci ildə 11 min nəfərə evlərində sosial xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər.

BBN.az-ın məlumatına əsasən, onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar, qalanları isə 18 yaşdan yuxarı şəxslərdir.

Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib.

2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır