Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 31 yanvar 2018-ci il tarixində Şamaxı şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbulda Şamaxı rayonu ilə yanaşı, Ağsu və Qobustan rayonlarından olan sakinlərin müraciətlərinə də baxılıb.
BBN.az xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların təyinatına uyğun istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi torpaqların təyinatının dəyişdirilməsi, kənd təsərrüfatı məqsədilə torpaqların icarəyə götürülməsi, fərdi yaşayış evlərinin qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub. Vətəndaş müraciətlərində qaldırılan bir sıra məsələlər operativ olaraq həmin gün öz həllini tapıb. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qəbulun zamanı komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. 2017-ci ildə 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb. Digər rayonlar üzrə isə proses davam etdirilir. Torpaq uçotu işlərinin nəticəsində əldə edilmiş məlumatlar əsasında bələdiyyə xəritələri hazırlanır. 2017-ci il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb.