Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.
Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib. Beləki, 23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat ən son qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsada 162 min manata sahibini tapıb. Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Beləki, ümumi faydalı sahəsi 28,2 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb.
Qeyd edək ki, bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsində 327 əmlak özəlləşdirilib.