Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir. Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac 4 iyulda keçirilib.
Hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sex kimi kiçik dövlət müəssisəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, Zaqatala Barama Toxuma zavodunun torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3881 kv.m dir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Özəlləşdirilən əmlakların sahəsi 71 kv.m ilə 3881 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsidir.