Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri davam etdirilir.
Cari ilin yanvar-iyun aylarında Xidmətin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri nəticəsində 260 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub.
Bu il nazirliyin xətti ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlər sırasında əlilliyi olan şəxslərin sayı isə 212 nəfər olub. Onlardan 62 nəfəri üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Qalan 150 nəfər isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına cəlb olunub.
Ümumilikdə, cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, 2 406 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.