Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
Monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 22 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 76 hüquqi və fiziki şəxsi əhatə edib.
Qeyd edək ki, monitorinqlərin keçirildiyi dövr ərzində 264 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.