Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin Yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.
2017-ci ildə torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetirilməsi nəzərdə tutulur. Eyni zamanda bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması planlaşdırılır.
Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üçün artıq yekunlaşıb.
Qeyd edək ki, Bakı şəhərinin isə 53 bələdiyyəsindən 51-nin xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.