Əmlak Məsələləri Dövlət Komitəsi 20 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri-yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.
Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri-yaşayış sahəsindən isə 4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.