2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 42,7 min nəfər, əlilliyə görə – 164,1 min nəfər, ailə başçısını itirməyə görə – 45,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74,0 min nəfər olub.
BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 17,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 775 nəfər bir yaşadək uşağa görə 768 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.
2018-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 48391 nəfərə, o cümlədən 38685 uşağın doğulmasına görə, 4223 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3942 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1541 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 413 nəfər zərərçəkən kompensasiya alıb.