“Kapital Bank” yeni Kart Mərkəzi filialını istifadəyə verib

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir.

Gəncə şəhəri  üzrə yeni Gəncə Kart Mərkəzi filialının açılışı da buna əyani sübutdur. Ölkənin maliyyə bazarında yenilik hesab edilən kart mərkəzləri layihəsi, fərqli lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 A ünvanında yerləşən Gəncə Kart Mərkəzi filialı müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatlarını (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi, müxtəlif növ kreditlər üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcəkdir. Daha öncə ötən il ilk olaraq Nərimanov Kart Mərkəzi filialı istifadəyə verilib.

Müştərilər yeni Gəncə Kart Mərkəzi filialında daha öncə Gəncə və Kəpəz filiallarında xidmət olunan sosial, əmək haqqı, pensiya və digər layihələr üzrə kartlarını əldə edə biləcəklər. Nəticədə filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Bununla yanaşı yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır