Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə iyunun 12-də “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilib.
Tədbirdə komitənin, Dünya Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, o cümlədən müstəqil iqtisadçı ekspertlər, ictimai təşkilatlar və media nümayəndələri iştirak ediblər.
BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, konfransın məqsədi dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunması istiqamətində mövcud olan metodların tətbiqinin daha da genişləndirilməsidir.
Həmçinin dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün düzgün maliyyə monitorinqi alətlərinin seçilməsi və sistemli tətbiqi istiqamətində fikir mübadiləsi də əsas vəzifələrdəndir. Eyni zamanda dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat mübadiləsinin təkmilləşdirməsi, o cümlədən hökumət, onun qurumları və dövlət müəssisələrinə dair islahatların həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da konfransın məqsədlərindəndir.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitə yeni metodların və yanaşmaların tətbiqinə başlamışdır. Eyni zamanda ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. –
Qeyd edilib ki,dövlət əmlakının idarəçiliyi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu sahədə müasir standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi və beynəlxalq maliyyə hesabatlılıq sisteminə keçid əsas məqsədlərdəndir.