Ankara şəhərində Gömrük Sahəsində Birgə Komitənin növbəti iclası keçirilib

İyunun 28-də Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclası keçirilib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və digərləri, Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcının rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclasın açılış mərasimində giriş sözü ilə çıxış edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşçı ölkəsinin gömrük sistemində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə çıxışında iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələrin qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən Komitə sədri sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.

Sonra iclasda iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra məsələlər müzakirə edilib.

İclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” imzalanıb.

Eyni zamanda, iki ölkənin gömrük laboratoriyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə Bakı və İstanbula/Ankaraya qarşılıqlı səfərlərin təşkil edilməsi, risklərin təhlili sahəsində həyata keçirilən uğurlu fəaliyyətlərin davam etdirilməsi barəsində razılıq əldə edilib.

Sonra tərəflər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsinin daha səmərəli istifadəsini təmin etmək məqsədilə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəlib və hər iki tərəfdə sərhəd keçidlərinin sürətləndirilməsini qərara alıblar. Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi də qərara alınıb.

İclasda Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında vəəks istiqamətdə yüklərin, xüsusilə də canlı heyvanların daşınması məsələsi də müzakirə edilib. Məsələnin qısa zamanda müsbət həlli üçün iki ölkənin qida təhlükəsizliyi sahəsində aidiyyəti qurumlarının da iştirakı ilə görüş keçirilməsi razılaşdırılıb.

Birgə komitənin üçüncü iclasının isə gələn il Bakı şəhərində keçirilməsi razılaşdırılıb.

İclasın sonunda Birgə Komitənin ikinci iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Türkiyə tərəfindən isə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcı imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır