Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.
Beləliklə, 01 noyabr 2016-cı il tarixə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7 faiz artaraq 33 355 nəfərə çatıb. Onların 88,3 faizi kişilər, digərləri qadınlardır.
Fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquqi əsasın yaradılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı isə 01 noyabr 2016-cı il tarixə 3 336 912 nəfər təşkil edir.