13 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması və güzəştli şərtlərlə mənzilə sahib olmasının təmin edilməsi istiqamətində 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı hesabat iclası keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev ilin 6 ayı ərzində Agentliyin fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Samir Nuriyev bildirib ki, Ötən müddət ərzində “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınib, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.
Qeyd edək ki, Vətəndaşların rahatlığı üçün, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub.