Bakı Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir. 

 BBN.az xəbər verir ki, bu mərkəzdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur.

“Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

 Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. Hazırda Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 72, Yasamal rayonu H.Cavid pospekti 19, məhəllə 520, eləcə də,  A.M.Şərifzadə küçəsi 124, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi  102, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 22, eyni zamanda Cəlilabad şəhəri, H.Əliyev prospekti 270, Zaqatala şəhəri, H.Əliyev prospekti 36,  Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında  vətəndaşlara müasir standartlara cavab verən xidmətlər göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır