Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum işə başlayıb.

BBN.az xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edib.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır. İki gün davam edəcək forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur. Həmçinin “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır