Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 11 dekabr 2018-ci il tarixində növbəti iclası keçirilib. Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.
BBN.az xəbər verir ki,iclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.
Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi cari ilin 9 ayında ölkədə iqtisadi inkişafın bütün istiqamətlərində müsbət nəticələr əldə olunub.
Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanıb , qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1% artıb. Qeyri-neft sənayesində 10.8%, kənd təsərrüfatında 4.3%, informasiya və rabitə xidmətlərində 7.7%, ticarətdə 2.7%-lik artıma nail olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10.1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20.2%, qeyri-neft sənayesi üzrə isə 24.4% artıb. Əhalinin gəlirləri 9.5% artmaqla inflyasiyanı 6.9% üstələyib.
2018-ci ilin 9 ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5.1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil edib. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.
Qeyd edək ki ,xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin 9 ayında valyuta bazarında tarazlıq qorunmuş, milli valyutanın məzənnəsi sabit olub. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7.6% və ya 3.2 mlrd. ABŞ dollar artaraq 45 mlrd. ABŞ dolları ötüb.
Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, 2018-ci ilin 9 ayında manatla geniş pul kütləsi 8.3% artıb.
Bank sektoru tərəfindən 9 ayda iqtisadiyyata kredit qoyuluşları 4.6%, fiziki şəxslərin depozitləri 8.4% artıb.
Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.