56 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

BBN.az  Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, budəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlak hərraca çıxarılacaq. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Bu əmlaklar paytaxtla yanaşı Sumqayıt, Bərdə, Cəlilabad, İmişli, Göygöl, Şəmkir, Masallı və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir.

Ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 min 602 kv.m-ə, ümumi faydalı sahəsi isə 11 min 266 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 4-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda  yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 125 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 600 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır