İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları – Müşahidə Şurası və İdarə Heyəti yaradılıb.
Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri İqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
İclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmış KOBİA strukturları və dəstək mexanizmləri vasitəsilə sahibkarlara təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə və digər xidmətləri operativ, şəffaf və nəzakətlilik prinsipləri əsasında təqdim edəcək.
Sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov indiyədək görülmüş işlər barədə hesabatla çıxış edib. Vurğulanıb ki, Agentlik dövlət başçısının tapşırıqlarının icrası istiqamətində tədbirlər həyata keçirib, bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 “KOB Dostu” fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da “KOB Dostu” fəaliyyətə başlayacaqdır. Hazırda ilk “KOB evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, “KOB evləri”ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlər davam etdirilir.
Bundan başqa, sahibkarların müraciətlərinə baxılması və onların çevik həlli ilə bağlı on-line platforma olan “Sahibkarlara Dəstək Sistemi” yaradılıb və “Bakutel 2018” Sərgisində təqdim olunub. ABŞ, Rusiya, BƏƏ və Türkiyənin analoji qurumları ilə təcrübə mübadiləsi məqsədilə həmin ölkələrə təlim səfərləri təşkil edilib, dövlət orqanları, ali təhsil müəssisələri, yerli və xarici təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalanıb, Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması üçün QHT-lər və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şura, gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün Könüllülər Şurası yaradılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov və Aparat rəhbəri Şamil Süleymanlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə təqdimatlarla çıxış ediblər.
İclasda Agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi mexanizmi müzakirə edilib.