Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı əlverişli platformadır. Bununla Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir. Portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür. Bu imkanlar nəticəsində sayta baxış sayı 2 milyonu ötüb.
Qeyd edilməlidir ki, özəlləşməyə çıxarılan əmlaklar həm Bakı və onun ətraf rayonlarında, həm də digər bölgələrimizdə yerləşir. Həmin dövlət əmlaklarının elanları bir ay öncədən portalda yerləşdirilir. Bu əmlaklara sifariş vermədən öncə onlar haqqında geniş məlumat əldə etmək olur. Belə ki, investorlar sifariş verəcəyi əmlakın hərraca çıxarılan ilkin start qiyməti, ümumi faydalı sahəsi, ödəyəcəyi 10% behin məbləği, yerləşdiyi ünvan və digər məlumatlarla tanış ola bilər. Müəssisə haqqında geniş informasiya əldə edən investor həmin əmlakın hərracında iştirak etməyə qərar verirsə “Sifariş ver” düyməsinə keçməsi lazımdır. Daha sonra yeni açılan pəncərədə istifadəçi E-Hökumət portalına giriş vasitələrindən birini seçməklə xidmətə daxil olur. Portalda qeydiyyatdan keçmək, sifariş vermək, hərracda onlayn iştirak etmək bir sözlə bütün proseslər elektron üsullarla həyata keçirilir.
Özəlləşdirilməyə çıxarılan iri müəssisələr də investorlar üçün gələcək fəaliyyətində yeni imkanlar açır. Portalda həmin müəssisələrin əsas istehsal sahələri və onların qısa xarakteristikası, investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Bu isə investora gələcək fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.
Portalda yerləşdirilən səhmdar cəmiyyətlərin səhm paketləri, nizamnamə kapitalı, fəaliyyət sahəsi haqqında da təfərrüatlı məlumatlar əksini tapır. Səhmdar cəmiyyətlərin bəziləri investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir. Həmin müsabiqə haqqında məlumatlar bir ay öncədən portalın müvafiq bölməsində yerləşdirilir. Saytda müsabiqəyə çıxarılan müəssisələr fəaliyyət sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. İnvetsorlar sənaye, aqrar sahə, inşaat, xidmət, səhiyyə. telekommunikasiya, nəqliyyat sahələrinə aid olan müəssisələrin siyahısı ilə tanış ola bilər. Müsabiqənin keçirilməsində məqsəd isə qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirmədən sonra istehsal proseslərin genişləndirilməsidir.
Kiçik dövlət müəssisəsi və obyektləri də məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aid olmaqla investorlar üçün seçim imkanını artırır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdirilir. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılır.
İstifadəçilər portalda özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələrinin vizual görüntüsü, buraxılış ili, ilkin start qiyməti ilə tanış ola bilir. Nəqliyyat vasitələrinin markaları isə müxtəlif olur. Özəlləşdirməyə hər növ minik avtomobilləri, yük maşını, kənd təsərrüfatı texnikası çıxarılır.
Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da özəlləşdirməyə yeni açılan dövlət müəssisə və obyektləri, investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür.
Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. Ziyarətçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri-iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.
Qeyd edilməlidir ki, ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda özəlləşmə prosesinində aktiv dinamikanın müşahidə edilməsinə, investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır.