2019-cu ildə Vergilər Nazirliyinin büdcədənkənar xərcləri 200 mln. manat təşkil edəcək

2019-cu ildə Azərbaycanda büdcə təşkilatlarının büdcədənkənar xərcləri 626,6 mln. manat məbləğində proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

«2019-cu ildə büdcə təşkilatlarının büdcədənkənar xərcləri 626,6 mln. manat təşkil edəcək ki, bu da 2018-ci ildə gözlənilən icra göstəricisindən (489 mln. 7 min manat) 28,1% və 2017-ci ilin göstəricisindən 74,5% çoxdur», – deyə məlumatda bildirilir.

Proqnoza əsasən bu vəsaitlərin 51,9%-i (325 mln. 477,5 min manat) əməyin ödənilməsinə (2018-ci illə müqayisədə artım 30,6%), qalan hissə mal və xidmətlərin satın alınmasına, qrantlara və digər istiqamətlərə yönəldiləcək.

«Xərclər 54 qurum və 8 funksional şöbəni əhatə edir. 2017-ci illə müqayisədə 2019-cu ildə Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin xətti ilə xərclər nəzərdə tutulub», – deyə hökumətdən qeyd ediblər.

Büdcədənkənar xərclərin təhlili göstərir ki, onların ən böyük xüsus çəkisi – 31,9% və ya 200 mln. manat Vergilər Nazirliyinin, 19,3% və ya 120,871 mln. manat Daxili İşlər Nazirliyinin, 17,6% və ya 110 mln. manat isə Dövlət Gömrük Komitəsinin payına düşür.

Büdcədənkənar xərclərin daha 50 mln. manatı Prezident Administrasiyasının, 30,16 mln. manat isə “ASAN Xidmət”in payına düşür.*

İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır