07 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə bankların Müştəri xidmətlərinə məsul olan department rəhbərləri və əsas bölmə rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas müzakirə mövzusu Mərkəzi Bank tərəfindən 1 fevral 2019-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edəcək üç aylıq “Kartla ödə, kartla qazan” stimullaşdırıcı lotoreyası olub.
Belə ki, lotoreya ilə bağlı banklara ünvanlanan bütün sualların daha dolğun cavablandırılması və müştərilərə məlumatların daha lakonik, daha düzgün şəkildə verilməsi üçün müştəri xidmətlərini maraqlandıran bütün suallara AMB-nin əməkdaşları tərəfindən aydınlıq gətirilib. Həmçinin AMB əməkdaşları bank nümayəndələrinə lotoreya ilə bağlı ətraflı məlumat da veriblər.
Qeyd edək ki, üç tiraj formatında keçiriləcək stimullaşdırıcı lotoreya dövründə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POSterminallarda mimimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotoreyanın uduş məbləği 50 (əlli) manat məbləğində olmaqla “cashback” şəklində kart sahibinin ödəniş kartında mədaxil ediləcəkdir.
Ümumilikdə, 1800 nəfərlik uduş fondu olan lotoreya ilə paralel Mərkəzi Bank tərəfindən KİV-lər daxil olmaqla ölkədə bütün mümkün kommunikasiya vasitələri cəlb edilməklə rəqəmsal ödənişlərlə bağlı təbliğat və təşviqat kampaniyası keçirilməkdədir. Bu tədbirlər əhalidə rəqəmsal ödənişlərin aparılmasına iqtisadi maraq yaratmaqla nağdsız ödəniş vərdişlərinin formalaşdırılmasına təkan verəcəkdir.
Bu istiqamətdə bir neçə dəfə bankların müvafiq sahələrinin məsul şəxsləri arasında müxtəlif görüşlər keçirilmişdir.
Xatırladaq ki, bu kampaniya respublikada rəqəmsal ödənişlərin təşviqinə yönəldilmiş ilk vahid kampaniyadır.