7367.9 min manat məbləğində artıq ödənişlər aşkar edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunan iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7367,9 min manat məbləğində artıq ödənişlərin 4673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkar edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2331,8 min manat hissəsinə dair yoxlama materiallarında məniməsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə nəzarəti tədbirlərinin nəticəsi haqqında daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır