Rüfət Aslanlı Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının rəhbərliyi ilə görüşüb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdədir. Səfər zamanı Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının (FCA) rəhbərliyi ilə görüş keçirilmişdir.

Görüşdə Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının yüksək səviyyəli rəsmiləri Azərbaycan nümayəndə heyətini təşkilatın iş prinsipi və fəaliyyət istiqamətləri ilə tanış etmişdir. Görüş zamanı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı rəhbərlik etdiyi qurumun FCA ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Daha sonra Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun təşkil etdiyi işgüzar şam yeməyində iştirak etmişdir. Mərasim zamanı Böyük Britaniyanın nümayəndə heyətinə ölkəmizdə aparılan islahatlar barədə məlumat verən Palatanın Direktorlar Şurasının Sədri Rüfət Aslanlı görüşün iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır