2016-cı ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 683 müqavilə qeydiyyata alınmışdır. Bunların 9 975-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olmuşdur.
2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1,0% azalma müşahidə edilmişdir.
Oktyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82.4 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanmışdır. Bağlanılan müqavilələr üzrə sığorta haqları 69,6 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə edilmişdir.