70 ildir bitməyən lənət: DOLLAR QITLIĞI

İkinci Dünya Müharibəsi bitər-bitməz iqtisadi lüğətlərə yeni ifadə daxil oldu: “dollar qıtlığı”.

Bu dövrdə Avropa ölkələri həm müharibənin vurduğu zərərlərlə, həm də sənayenin inkişafına mane olan xarici təsirlərlə mübarizə aparırdı. Belə bir zamanda yenidənqurmanın yeganə təminatçısı ABŞ idi. Yəni, ABŞ dolları olmasa, Avropa ölkələrinin ixraclarını genişləndirməsi mümkün deyildi.

Məhdud dollar və ya qızıl ehtiyatlarına sahib olan, eləcə də, ixrac gəlirlərindən dollar qazanma ehtimalı az olan bu ölkələr cari hesab kəsrlərini örtmək üçün digər ölkələrdən məhsul idxalını sıxışdırmaq metoduna əl atdılar. Onlar düşünürdü ki, idxal üzərində tətbiq etdikləri bu təzyiq ABŞ-dan kapital idxalı üçün onlara şərait yaradacaq.

Lakin geniş spektrdə kapital üzərində güclü nəzarətin olması, rəsmi valyuta məzənnələrinin ABŞ dollarından asılı olması və əsasən də, eyni taktikanın çox sayda ölkə tərəfindən tətbiq olunması paralel valyuta bazarının canlanmasına səbəb oldu. 1950-ci illərin əvvəllərində Avropa ölkələrinin əksərində və eləcə də, Yaponiyada qara bazarların mənfəəti ən yüksək həddinə çatdı.

Müharibədən 70 il ötməsinə, kapital hərətinin sərbəstləşməsinə və valyuta məzənnələrinin elastikləşməsinə baxmayaraq,  hələ də “dollar qıtlığı” ifadəsi öz aktuallığını qoruyur (baxmayaraq ki, bəzi hallarda bu vəziyyət həm də töhfəvericidir). Afrika, Orta Şərq, Mərkəzi Asiya və Latın Amerikası ölkələri 2012-ci ildən indiyə qədər mövcud olan neft və istehlak mallarının qiymətlərindəki qeyri-müəyyənliyin təsirləri ucbatından ağır iqtisadi vəziyyətlə üz-üzədirlər.

  • Dollardan aslılıq necə artdı?

Çinin investisiya siyasətinin təsirilə, 2000-ci illərin əvvəllərində neft və istehlak məhsullarının qiymətlərində baş verən uzunmüddətli və böyük artım ixracçıların çoxunun valyuta ehtiyatlarının sürətlə artmasına səbəb oldu. Bu ehtiyatların böyük bir hissəsi dollarda, yaxud ABŞ xəzinədarlığının qiymətli kağızlarında saxlanılırdı. “Bonanza” yəni, bolluq illəri deyə tanınan bu dövrlərdə mərkəzi bankların üzləşdikləri əsas çağırış yerli valyutaların kurslarının möhkəmlənməsinə qarşı tədbirlər görmək idi. Həmin illərdən başlayaraq ölkələrin çoxu öz milli valyutalarını dollara bağlayaraq, ondan tamamilə asılı etdilər.

Daha çevik valuta kursuna sahib olan Braziliya, Rusiya, Kolumbiya kimi ölkələr üçün istehlak mallarının və  neftin qiymətlərinin dəyişməsi valyuta kurslarındakı dalğalara səbəb olmuş və onların valyutaları çökmüşdür, daha sərt məzənnə siyasəti həyata keçirən və milli valyutasını qorumaq istəyən ölkələr isə  valyuta ehtiyatlarının sürətlə azalması ilə qarşılaşmışlar. Qiymətlərin azalmaqda davam etməsi 2015-ci ilə kapital axını üzərindəki nəzarətin gücləndirilməsi və milli valyutaların dollara bağlılığının azaldılması və ya tam ləğv edilməsi ilə nəticələnmişdir.  “Qara bazarda” valyuta ticarəti həyata keçirənlərə xəbərdarlıq edilməsi, onların cərimə və ya həbs edilməsi bir nəticə verməmişdir.

Dollar qıtlığı problemi hal-hazırda Misir, Nigeriya, Anqola, İran, Özbəkistan və Cənubi Sudanda digər ölkələrə nisbətən daha kəskin hal alıb. 2012-ci ildə sabit valyuta məzənnəsinə keçən Myanmarda qara bazar daha da güclənib. Bu fenomen geniş vüsət alsa da, əsasən, daha ağır vəziyyətlərə fokuslanmaq düzgün olar.

  • Vəziyyət 2008-lə müqayisədə daha da aktualdır

Məsələnin aktuallığını görmək üçün mətbuatdakı yazıların mövzularını nəzərdən keçirmək kifayətdir: 2000-ci ildən bu yana yazılan məqalələrdə “qara bazar”, ”dollar qıtlığı”, ”paralel bazar” ifadələri getdikcə daha çox istifadə olunmaqdadır. Araşdırmalar göstərir ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bu problem daha da dərinləşmiş, 2014-cü ildən başlayaraq isə, daha sabit xətlə artmışdır.

dollar

  • İdxala məhduduiyyət nə ilə nəticələndi

Üzən məzənnəyə keçmək Nigeriya kimi ölkələrdə də qara bazarın mənfəətini azalda bilmədi. Eyni zamanda, milli valyutanın zəifləməsi və devalvasiyası bu ölkələrin ixracının artmasına yol açmır. Çünki, onların ixrac malları çox azdır, xarici borcları isə dollardadır. Misir, Venezuela və Sub-Sahara Afrika ölkələrində dollar qıtlığı ərzaq qıtlığını da bərabərində gətirdi. İdxal məhsulları ilə ərzaq təminatını həyata keçirən bu ölkələr məcburən idxala məhdudiyyətlər qoymalı oldular ki, bu da qara bazarda malların qiymətinin artmasına gətirərək əhalinin aztəminatlı hisəsini təhlükəyə atır.

Marshall planı post-müharibə Avropasında dollar qıtlığı probleminin həllinə yönəlmişdi. Müasir dövrdə ona ekvivalent ola biləcək bir metod hələ ki, tapılmayıb. Bu şərtlər daxilində 1980-ci illərdəki kimi BVF-nin yardımlarına üz tutmaq hələ ki, ən ağlabatan variantdır.

Project Syndicate

Maliyyə-bank sisteminə aid maarifləndirici yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır