2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olub. Yüklərin 63,2 faizi avtomobil nəqliyyatı, 27,5 faizi dəmir yolu nəqliyyatı, 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.
2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5085,9 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.