Əməliyyat mənfəəti əldə edən bank niyə zərərlə üzləşir?

2016-cı ilin 3-cü rübünün yekununlarını açıqlayan 30 bankın göstəricilərinə əsasən,  bankların xalis əməliyyat mənfəəti 438,3 mln. manat təşkil edib. Bu göstəriciyə əsasən, cəmi 3 bank zərər ilə üzləşib. Buna baxmayaraq bankların xalis mənfəət göstəricisinə nəzər saldıqda 446,2 mln. manat zərər etdikləri müşahidə edilir.

Bəs həyata keçirdiyi əməliyyatlardan mənfəət əldə edən bank necə olur ki, zərərlə üzləşir?

Bunun əsas səbəbi aktivlərdə baş verəcək dəyərsizləşmə ehtimalı (məsələn, kredit borcunun ödənməməsi zamanı aktivlərin azalması) ilə ayrılan məcburi ehtiyatlardır (Həmçinin bax: Məcburi ehtiyatlar hansı hallarda və hansı həcmdə yaradılır?). Bu ehtiyatlar xalis əməliyyat mənfəətinin həcmindən çıxılır.  Başqa sözlə,  yaranma ehtimalı olan itkini sığortalamaq üçün banklar öz mənfəətlərindən ehtiyatlar formalaşdırırlar.

Bəs itki ehtimalı özünü doğrultmasa, nə baş verir?

Bu zaman ehtiyata ayrılmış vəsait bankın mənfəətinə geri qayıdır. Başqa sözlə, ehtiyata ayırmaları hesabına xalis zərərə düşmüş bank bu vəsaiti tam itirmiş hesab olunmaya bilər.  Çünki, ehtiyat ayrılmış vəsaitin ödənməsi təmin edilərsə (məsələn, müştəri kredit borcunu gecikdirməyinə baxmayaraq sonda bu həcmi tam ödəyərsə),  artıq bank bu borca görə ehtiyat saxlamaq məcburiyyətində qalmayacaqdır. Ehtiyatların azalması isə bankın xalis mənfəətini artıracaqdır.

Maliyyə-bank sisteminə aid maarifləndirici yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır