Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir

Noyabrın 24-də Bakıda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupun 6-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.

İclasda qeyd olunub ki, hal-hazırda Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 488,3 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 405,4 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. Ticarət əlaqələri də ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindəndir. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzrə iş davam edir. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası üzrə işlər görülür. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.

Qeyd edək ki, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan – Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış Memoranduma əsasən yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır