05 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Dmitri Pankini qəbul edib. Görüşdə Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat vermiş, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan Dmitri Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək bunun həm də Avrasiya İnkişaf Bankının səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu ifadə edib.