Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1 (81)-3620/16 saylı qərarı ilə ”Zaminbank” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.
Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan ”Zaminbank” ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 05 oktyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, KİV-lərdə, 05 oktyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilmişdir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan ”Zaminbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 oktyabr 2016-cı il tarixdən başlanılmış və 05 dekabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.