Bonus-Malus nədir?

Bonus-Malus – əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir.

Məsələn, avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (yəni avtomovillə başqalarının əmlakına zərər vuraraq borclu qalması) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır. Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır və bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaqdır. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurmuş və sığortaçıdan sığorta ödənişi almışdır. Buna görə də onunla bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən 5 manat artıq – 85 manat nəzərdə tutulmuşdur. Müəyyən hallardan asılı olaraq, sığortalıya güzəşt və ya əlavə ödəmələrin tətbiq edildiyi bu cür mexanizm bonus-malus adlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır