“Könüllü vergi açıqlaması”na razılaşmış vergiödəyiciləri sanksiyalardan azad olacaqlar

Azərbaycan Respublikasının Vergilər Naziri,Fazil Məmmədov vergi sistemindəki yeniliklər barədə açıqlamasında bildirib ki, Vergiödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən yeniliklərdən biri də “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqidir.

Məlum olduğu kimi, sahibkarlıq subyektlərində aparılan səyyar vergi yoxlamalarının başa çatmasından asılı olmayaraq, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergiödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda növbədənkənar vergi yoxlaması keçirilə bilərdi. Bu zaman keçirilən vergi yoxlaması ilə büdcədən yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə bərpa edilməklə, həmin yayındırılmış məbləğə 50 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Məcəlləyə edilmiş dəyişikliklərlə könüllü vergi açıqlamasına razılaşmış vergiödəyiciləri sanksiyalardan azad olacaqlar. Vergiödəyicisinə könüllü vergi açıqlaması barədə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə görə bəyannamə təqdim etmək hüququ verilir. Həmin bəyannamə ilə könüllü olaraq açıqlanmış vergi məbləğlərinə görə vergiödəyicisinə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır