Neft Fondu ötən ili profisitlə başa vurub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı il ərzində ARDNF-nin büdcə gəlirləri 9 410,2 milyon manat, büdcə xərcləri isə 9 022,1 milyon manat təşkil etmişdir.

2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 320,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18,0 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 068,8 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 705,7 milyon manat təşkil etmişdir.

2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılmışdır. 31,6 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır