Ləğvedici tərəfindən ləğv prosesində olan 9 müflis bankın aktivlərinin qiymətləndirilməsinə baxmayaraq, ləğvetmə prosesində şəffaflığın və qiymətləndirmənin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədi ilə beynəlxalq audit şirkətlərinə həmin bankların qiymətləndirilməsi üçün təklif məktubu göndərilib (“Ernst & Yanq”, “Grant Thornton”, “Pricewaterhouse Coopers”, “Moss Adams Azərbaycan”, “Moore Stephens Azerbaijan”, “Deloitte & Touche”, “KPMG Azərbaycan”, “Baker Tılly Audit Azərbaycan”, “RSM Azerbaijan”, “BDO Azərbaycan”).
Bu haqda Əmanətlərin Sığortalanması Fondundan (ADIF) BBN.az-a məlumat verilib.
“Baker Tılly Azərbaycan” və “RSM Azerbaijan” beynəlxalq audit şirkətlərindən əməkdaşlığa hazır olmaları barədə cavab məktubu alınmışdır. Digər beynəlxalq audit şirkətlərindən isə cavablar gözlənilir.
Bütün şirkətlərdən cavab məktubları daxil olduqdan sonra əməkdaşlığa hazır olan şirkətlərlə məlumatın məxfi saxlanılması haqqında müqavilə imzalanacaq. Növbəti mərhələdə ləğv prosesində olan banklar üzrə bütün məlumatlar təkliflərin hazırlanması üçün həmin audit şirkətlərinə ötürüləcək. Ləğv prosesində olan banklar üçün qiymət təklifləri alındıqdan sonra müvafiq qaydada beynəlxalq audit şirkətləri seçiləcəkdir.