Prezident İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib. Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.