Yeni qaydalarla əlaqədar Palata və ABA arasında görüş keçirilib

7 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında Palatanın tətbiq edəcəyi yeni qaydaların müzakirəsi ilə əlaqədar görüş keçirilib.

İclasda çıxışı zamanı ABA-nın prezidenti Zakir Nuriyev, Palatanın yeni qaydalar formalaşdırması zamanı banklarların mövqeyini öyrənmək məqsədi ilə bu tip görüşlər keçirməsinin müsbət bir hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu formada həyata keçirilən fikir mübadilələri qaydaların tətbiq mexanizmini daha effektiv hala gətirəcəkdir.

Görüşdə yenilənməsi planlaşdırlan, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın ilkin forması ilə əlaqədar Palata nümayəndələri öz təqdimatları ilə çıxış ediblər və bu məsələlərlə əlaqədar bankların mövqelərini dinləyiblər. Palatanın Baş icraçı direktorunun müavini Asim Zülfüqarov və Palatanın Strateji Xidmət Departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov maraq doğuran məqamlarla əlaqədar bankların suallarını cavablandırıblar. Həmçinin bank nümayəndələri qaydalarla əlaqədar öz tövsiyələrini səsləndiriblər. Sonda bu tövsiyələrin ABA tərəfindən sistemləşdirilmiş formada Palataya ünvanlanmasına qərar verilib.

Qeyd edək ki, Palatanın aktivlərin təsnifləşdirilməsi ilə əlaqədar risk kateqoriyalarını dəyişməsi, ehtiyatların yaradılması zamanı tətbiq edilən faiz dərəcələrinin kreditlərin növünə və valyuta tərkibinə uyğun olaraq, yenidən formalaşdırması gözlənilir. Həmçinin açıq valyuta mövqeyi ilə əlaqədar icazə verilən limitin mövcud vəziyyətə uyğun olaraq, yenidən formalaşdırması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır