Sığorta sektorunun məcmu aktivləri 2%-dək artıb

“AXA MBASK” sığorta şirkətinin mütəxəssisi Şahin İsmayılovun sözlərinə görə, 2016-cı il noyabrın 1-dən icbari sığortaların elektron variantda buraxılmasına keçid sığorta bazarında bir inqilab olub. Elektron variant indiyə qədər mövcud olan bir çox qanunsuzluqların qarşısına sədd çəkir. MBNP-nin gərgin işi nəticəsində sığorta bazarında qanunsuzluqlara yol verən 100-dən artıq sığorta agenti öz lisenziyasından məhrum edilib, bir çoxlarının fəaliyyətinə isə müvəqqəti məhdudiyyətlər qoyulub. Sığorta bazarında daha bir yenilik isə onlayn sığorta sisteminin işə düşməsi olub. Artıq bütün sığorta şirkətləri öz icbari və könüllü sığorta məhsullarını onlayn sistem vasitəsilə təqdim edirlər.

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında göstərilir ki, Azərbaycanın sığorta sektorunun məcmu aktivləri 2016-cı il ərzində 1.9% artaraq bu il yanvarın 1-nə 1 milyard 31 milyon manat təşkil edib. Hesabata əsasən, aktivlərin 44.4%-i, yaxud 457 milyon manatlıq hissəsi bank depozitlərində cəmlənib: 2016-cı ildə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqları əvvəlki illə müqayisədə 10%, yaxud 44 milyon manat artaraq 486 milyon manat olub. Sığorta haqlarının  66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşür. Hesabatda sığorta ödənişlərinin həcminin də artıdığı göstərilib.  Dövr ərzində cəmi ödənişlər 31%, yaxud 57 milyon manat, o cümlədən həyat sığortası üzrə ödənişlər 82.7% və ya 43 milyon  manat artıb. Sığorta ödənişlərinin 76%-i  könüllü, 24%-i isə  icbari sığorta növlərinin payında düşür.

Qeyd edək ki, bu barədə BBN.az “Vergilər Qəzeti”nə istinadən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır