AccessBank 20 mln. avro məbləğində kredit cəlb edib

Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 20 milyon Avro məbləğində ikinci kredit ayırıb. AccessBank təqdim olunan vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

«2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan AİB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırki dəyişkən iqtisadi şəraitdə AİB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha AccessBank-ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir”, – AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann şərh edib.

Bu kredit AİB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Bu Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren BB+ səviyyəsində təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır